Ceyhun Bayramov BMT-də regional sülh və tranzit dəhlizləri ilə bağlı çıxış etdi
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr qrupunun (LLDCs) xarici işlər nazirlərinin 25-ci illik görüşündə çıxış edib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti “X” sosial şəbəkəsində məlumat yayıb.
Nazir bildirib ki, Azərbaycan uzunmüddətli strateji investisiyalar və davamlı regional tərəfdaşlıqlar sayəsində dənizə birbaşa çıxışının olmamasına baxmayaraq, öz coğrafi mövqeyini Şərq–Qərb və Şimal–Cənub dəhlizlərini birləşdirən mühüm logistika, tranzit və enerji qovşağına çevirib.
Ceyhun Bayramov tranzit proseslərinin rəqəmsallaşdırılmasının, gömrük prosedurlarının sadələşdirilməsinin və “Mərkəzi Asiya–Azərbaycan Yaşıl Enerji Dəhlizi” kimi inteqrasiya olunmuş enerji və rəqəmsal bağlantıların vacibliyini vurğulayıb.
O qeyd edib ki, nəqliyyat, enerji və rəqəmsal infrastrukturun birləşdirilməsi daha dayanıqlı qlobal ticarət sisteminin formalaşmasına şərait yaradır.
Nazir davamlı nəqliyyat və kommunikasiya əlaqələrinin təmin olunması üçün sülhün əvəzedilməz şərt olduğunu bildirib.
Bu kontekstdə o, 8 avqust 2025-ci ildə Azərbaycan və Ermənistan arasında imzalanmış Vaşinqton razılaşmalarına, eləcə də regional və qlobal tranzit şəbəkələrinin genişlənməsinə töhfə verəcək TRIPP təşəbbüsünə diqqət çəkib.