Şimali Kiprdə Azərbaycan vətəndaşlarının həbs müddəti yenidən UZADILDI
Şimali Kipr sahillərində “Optimus Prime” gəmisinin qəzaya uğraması ilə əlaqədar saxlanılan üç Azərbaycan vətəndaşının həbs müddəti yenidən yeddi gün uzadılıb.
Denmedia.az xəbər verir ki, bu barədə report-a Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu məlumat verib.
Onun sözlərinə görə, Rəşad İbrahimov, Qədir Quliyev və Valeh Hümbətov barəsində istintaq tədbirləri davam etdirilir. Hadisə ilə bağlı indiyədək 320-dən çox şəxsin ifadəsi alınıb.
İstintaq gəminin texniki vəziyyətini, iyunun 17-də onun burun hissəsində yarandığı bildirilən zədələnməni və bundan sonra aparılmış təmir işlərini araşdırır.
Xüsusilə, həmin zədələnmənin və təmir işlərinin gəminin batmasına təsir edib-etmədiyi, görülən işlər barədə aidiyyəti qurumların məlumatlandırılıb-məlumatlandırılmadığı və “Optimus Prime”ın təmirdən sonra neçə reys həyata keçirdiyi müəyyənləşdirilir.
Bununla yanaşı, gəminin qara qutusu və VDR reys məlumatları qeydiyyat qurğusunun tapılması üçün sualtı axtarışlar davam etdirilir.
Sudan çıxarılaraq sahilə gətirilən gəminin 17 detalının ekspertizaya göndərilməsi planlaşdırılır. Yoxlamalar Türkiyədə, o cümlədən Adanadakı gəmi təmiri müəssisəsində də aparılacaq.
Azərbaycan-Kipr Dostluq Cəmiyyəti faciənin səbəb və şəraitinin obyektiv araşdırılmasını, eləcə də saxlanılan Azərbaycan vətəndaşlarının hüquqlarına riayət olunmasını diqqətdə saxladığını bildirib.
Qeyd olunur ki, Rəşad İbrahimovun, Qədir Quliyevin və Valeh Hümbətovun təqsiri qanuni qüvvəyə minmiş yekun məhkəmə qərarı ilə müəyyən edilməyib.
Xatırladaq ki, avqustun 30-da Şimali Kiprin Girnə şəhəri yaxınlığında “Optimus Prime” gəmisi qəzaya uğrayıb. Hadisə nəticəsində 239 nəfər xilas edilib, ölənlərin sayı 15-ə çatıb. Daha 13 itkin düşmüş sərnişinin axtarışları davam etdirilir.
Qəza ilə əlaqədar ümumilikdə doqquz nəfər saxlanılıb. Onlardan üçü Azərbaycan vətəndaşıdır.