Ərdoğan Qara dənizdə hücumların dayandırılmasını istəyir – Zelenski ilə mühüm görüş
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna lideri Volodimir Zelenski ilə görüşündə Qara dənizdə ticarət gəmilərinə hücumların yolverilməz olduğunu bildirib.
Türkiyə Prezident Administrasiyasının məlumatına görə, Ərdoğan Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.
“Prezidentimiz Qara dənizdə gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün tədbirlər görülməli olduğunu, ticarət gəmilərinə hücumların yolverilməzliyini və tərəflərdən məsuliyyətli davranış gözlədiyimizi vurğulayıb”, – deyə administrasiyanın açıqlamasında bildirilib.
Türkiyə lideri ölkəsinin Rusiya və Ukrayna arasında müharibənin başa çatdırılması və davamlı sülhün əldə olunması istiqamətində səylərini davam etdirməyə hazır olduğunu da qeyd edib.
Ərdoğan həmçinin Ankaranın Moskva və Kiyev arasında birbaşa danışıqların bərpası üçün diplomatik təşəbbüslərini davam etdirəcəyini bildirib.