Yatmazdan əvvəl bu vitaminləri qəbul etməyin – Dietoloqdan xəbərdarlıq
Dietoloq Hanna Holtsum axşam saatlarında bəzi qida əlavələrinin qəbulundan imtina etməyə çağırıb.
O, “Good Housekeeping” nəşrinə müsahibəsində hansı vitamin və mineralların yuxu keyfiyyətinə mənfi təsir göstərə biləcəyini açıqlayıb.
Mütəxəssisin sözlərinə görə, B qrupu vitaminləri, xüsusilə B12 vitamini orqanizmdə enerji istehsalında və sinir sisteminin fəaliyyətində mühüm rol oynayır. Buna görə də dietoloq həmin vitaminləri günün ilk yarısında qəbul etməyi tövsiyə edib.
Holtsum bildirib ki, yatmazdan əvvəl kalsium əlavələrinin qəbulu da yuxuya getməyi çətinləşdirə bilər. Onun sözlərinə görə, kalsium yuxunu dəstəkləyən maqnezium mineralının mənimsənilməsinə mənfi təsir göstərə bilər.

Dietoloq kalsium çatışmazlığının da yuxusuzluğa səbəb ola biləcəyini qeyd edib. O, bu problemin qarşısını almaq üçün kalsiumun gündəlik qəbul normasına riayət etməyi və ya həmin mineralı qida məhsullarından əldə etməyi məsləhət görüb.Mütəxəssis axşam saatlarında multivitamin komplekslərinin qəbulundan da çəkinməyi tövsiyə edib. O bildirib ki, bu əlavələrin tərkibində B qrupu vitaminləri və kalsiumla yanaşı, yağda həll olunan vitaminlər də mövcuddur.
Holtsumun sözlərinə görə, yağda həll olunan vitaminlərin orqanizm tərəfindən daha yaxşı mənimsənilməsi üçün qida yağlarına ehtiyac var. Bu səbəbdən həmin vitaminləri tərkibində yağ olan qidalarla birlikdə qəbul etmək daha məqsədəuyğundur.