Əli Kərimli və Məmməd İbrahimə yekun ittiham irəli sürüldü
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və onun müavini Məmməd İbrahimin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Denmedia.az-ın Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, cinayət işinin materialları tanış olmaq üçün təqsirləndirilən şəxslərin vəkillərinə təqdim edilib.
Əli Kərimli barəsində aparılan istintaq Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Baş İdarəsi tərəfindən həyata keçirilib.
Əli Kərimli və Məmməd İbrahimə Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər) maddəsi ilə yekun ittiham irəli sürülüb.
Məlumata əsasən, istintaq orqanının yaxın günlərdə toplanmış materialları və ittiham aktını Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərməsi gözlənilir.
Bu maddənin sanksiyasında 20 ilə kimi və ya işin hallarından asılı olaraq ömürlük həbs cəzası nəzərdə tutulur.
Qeyd edək ki, Əli Kərimli ötən il Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin cinayət işinin davamı olaraq həbs edilib. AXCP sədri hazırda məhkəməsi gedən R.Mehdiyevin işində şahid qismində tanınıb.