Bakıda uşaqlarının ondan olmadığını iddia etdi – Ekspertizadan sonra HƏBS OLUNDU
Hadisə paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.
Məlumata görə, 1984-cü il təvəllüdlü E.Bayramov 2015-ci ildə ailə həyatı qurub. Nikahdan cütlüyün iki övladı dünyaya gəlib. 2023-cü ildə həyat yoldağının sədaqətindən şübhələnən E.Bayramov uşaqların ondan olmadığını iddia edib. Nəticədə cütlüyün nikahı məhkəmə qaydasında pozulub.
Məhkəmənin qərarına əsasən, E.Bayramov iki övladının saxlanılması üçün hər ay 450 manat aliment ödəməli olsa da, bu öhdəliyi yerinə yetirməkdən imtina edib və atalıq faktının müəyyənləşdirilməsi üçün ekspertiza keçirilməsini tələb edib.
Təyin edilən ekspertiza uşaqların onun bioloji övladları olduğunu təsdiqləyib. Lakin E.Bayramov ekspertizanın nəticələri ilə razılaşmayaraq aliment ödəməkdən yayınmağa davam edib.
Nəticədə onun aliment borcu 10 min 800 manata çatıb.
Faktla bağlı cinayət işi başlanılıb və materiallar məhkəməyə göndərilib.
Sabunçu Rayon Məhkəməsinin hökmü ilə E.Bayramov bir il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.