Sübhan Məmmədov Avropa çempionu oldu
Azərbaycan boksçusu Sübhan Məmmədov Sofiyada keçirilən Avropa çempionatının qalibi olub. Bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.
50 kq çəki dərəcəsində çıxış edən dünya çempionu və U-23 Avropa çempionu finalda rusiyalı Bair Batlayevə qalib gələrək qızıl medal qazanıb. Həlledici görüş Sübhan Məmmədovun 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Hakimlərin qeydlərində də Azərbaycan boksçusunun üstünlüyü əks olunub – 30:27, 29:28, 28:29, 30:27, 29:28.
Azərbaycan millisinin daha bir üzvü Səidcəmşid Cəfərov da finala yüksəlib. 75 kq çəki dərəcəsində mübarizə aparan dünya çempionatı mükafatçısı yarımfinalda britaniyalı Kallum Meykinə 4:1 hesabı ilə qalib gəlib.
Hakimlərin qərarı belə olub: 28:29, 30:27, 30:27, 29:28, 29:28. Cəfərov finalda rusiyalı İsmail Mutsolqovla üz-üzə gələcək.
Nəbi İsgəndərov da Avropa çempionatında qızıl medal uğrunda döyüşəcək. 70 kq çəki dərəcəsində çıxış edən boksçu turnirin son günündə final qarşılaşmasına çıxacaq.
Azərbaycan yığmasının digər üzvü Amin Məmmədzadə (55 kq) çempionatı bürünc medalla başa vurub. Ondan bir gün əvvəl isə 90 kq-dan yuxarı çəki dərəcəsində Məhəmməd Abdullayev də bürünc medal qazanıb.