Eşqi Bağırov və Abdin Fərzəliyev Novxanı kənd 1 nömrəli tam orta məktəbdə olublar-FOTOLAR
Abşeron rayonu Novxanı kənd 1 nömrəli tam orta məktəbdə 2026–2027-ci tədris ilinin başlanması münasibətilə Bilik Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdir müavini Aydın Rəhimov, şəhid ailə üzvləri, təhsil işçiləri və digər qonaqlar iştirak ediblər.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov çıxış edərək müəllim və şagirdləri yeni tədris ili münasibətilə təbrik edib. O, yeni tədris ilində qarşıya qoyulan hədəflər, təhsil prosesinin səmərəli təşkili və şagirdlərin bilik və bacarıqlarının inkişafının prioritet istiqamətlərdən biri olduğunu qeyd edib.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev isə çıxışında rayonda təhsil infrastrukturunun inkişafı, məktəblərdə yaradılan şərait və həyata keçirilən yenidənqurma işlərindən bəhs edib. O, müəllimlərə məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayıb, şagirdlərə isə yeni tədris ilində nailiyyətlər diləyib.
Daha sonra Agentliyin direktoru Eşqi Bağırov məktəbdə tədris prosesi üçün yaradılmış şəraitlə tanış olub, sinif otaqlarına baxış keçirib, müəllim və şagirdlərlə görüşüb. Görüş zamanı yeni tədris ili, eləcə də şagird və müəllimlərin gözləntiləri barədə fikir mübadiləsi aparılıb.























