Ağciyər dərmanında gözlənilməz effekt: Bioloji yaşı azaltdı
Ağciyər fibrozunun müalicəsi üçün hazırlanan eksperimental preparatın qandakı zülallar əsasında hesablanan bioloji yaşı azaltması alimlərin diqqətini çəkib. Araşdırmanın nəticələri “Nature Biotechnology” jurnalında dərc olunub.
Tədqiqatçılar idiopatik ağciyər fibrozu olan 42 xəstənin qan nümunələrini araşdırıblar. 12 həftə davam edən klinik sınaq zamanı iştirakçıların bir hissəsinə müxtəlif dozalarda rentosertib, digərlərinə isə plasebo verilib.
Alimlər qanda 2,8 mindən çox zülalın səviyyəsini ölçüb və iştirakçıların bioloji yaşını altı müxtəlif “proteomik saat” vasitəsilə hesablayıblar. Bu alqoritmlər insanın xronoloji yaşından fərqli olaraq, qandakı zülalların xüsusiyyətlərinə əsasən orqanizmin bioloji yaşını təxmin edir.

Nəticədə altı alqoritmin hamısı rentosertib qəbul edənlərdə plasebo qrupu ilə müqayisədə hesablanan bioloji yaşın azaldığını göstərib. Ən sabit nəticə preparatın gündə iki dəfə 30 mq qəbul edildiyi qrupda müşahidə olunub.
Preparat eyni zamanda 326 zülalın səviyyəsində dəyişiklik yaradıb. Hüceyrələrin yaşlanması və çapıq toxumasının yaranması ilə əlaqələndirilən bəzi zülalların səviyyəsi azalarkən, maddələr mübadiləsi və hüceyrələrin stressdən qorunması ilə əlaqəli zülalların səviyyəsi yüksəlib.
Lakin alimlər mühüm bir məqama diqqət çəkirlər: bu nəticələr preparatın insanı həqiqətən “cavanlaşdırdığını” sübut etmir. Araşdırmada yalnız qan zülalları əsasında hesablanan bioloji yaş göstəricilərində dəyişiklik müəyyən edilib. Üstəlik, yaşlanma göstəricilərinə ən çox təsir edən doza ağciyər fibrozunun müalicəsində ən effektiv olan doza ilə eyni olmayıb.
Müəlliflər hesab edirlər ki, nəticələr rentosertibin gələcəkdə təkcə ağciyər fibrozu deyil, yaşlanma proseslərinə mümkün təsiri baxımından da araşdırılmasına əsas yaradır.