Kriptovalyuta nəhənginə kiberhücum: Milyardlar yoxa çıxıb?...
Dünyanın ən böyük kriptovalyuta birjası “Binance”də təhlükəsizlik problemi və mümkün kiberhücum barədə xəbərlər fonunda bitkoinin qiyməti 77 min dollardan aşağı düşüb.
Ticarət məlumatlarına əsasən, oktyabrın 30-da Bakı vaxtı ilə saat 04:31-də bitkoin son sutkada 4,23 faiz ucuzlaşaraq 76 953 dollar səviyyəsinə enib.
Bundan əvvəl “Binance”in kiberhücuma məruz qala biləcəyi barədə məlumatlar yayılıb. Birjanın internetə qoşulu kriptovalyuta cüzdanlarından beş blokçeyn şəbəkəsi üzrə 3,5 milyard dollarlıq şübhəli vəsait çıxışı qeydə alınıb.
“Binance”in təsisçisi Çanpen Çjao “X” sosial şəbəkəsində hadisənin kiberhücuma bənzədiyini bildirib. O, artıq birjanı idarə etmədiyini vurğulayıb.
Çjao həmçinin “Tether Limited” və “Circle” şirkətlərinə hadisə ilə əlaqəli müvafiq olaraq təxminən 971 milyon və 823 milyon dollar dəyərində kriptovalyuta aktivlərini dondurduqlarına görə təşəkkür edib.
“Binance” istifadəçilərin bütün itkilərini qarşılayacağını vəd edib. Şirkət təhlükəsizlik yoxlamalarının aparıldığını, şübhəli aktivlərin dondurulduğunu və hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edildiyini açıqlayıb.
Birja araşdırma yekunlaşdıqdan sonra hadisə barədə ətraflı hesabat yayımlayacağını bildirib.