ABŞ generalının gizli əlaqələri ifşa olundu: Məlumatlar jurnalistlərə necə çatıb? - FOTO
ABŞ Müdafiə Nazirliyindən (Pentaqon) uzaqlaşdırılan general-leytenant Brett Silviya Ukrayna və İranla bağlı məxfi məlumatları jurnalistlərə ötürdüyünü etiraf edib.
Bu barədə Axios nəşri daxili araşdırmanın nəticələrinə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin strateji planlaşdırma üzrə yüksəkvəzifəli rəsmisi olmuş Silviya dörd dəfə yalan detektoru yoxlamasından keçə bilmədikdən sonra bir il ərzində iki fərqli media qurumunun jurnalistlərinə məxfi məlumatlar verdiyini etiraf edib.
Araşdırma hesabatında generalın mətbuata icazəsiz məlumat ötürməkdə ittiham olunduğu bildirilir.

Sənədə əsasən, məxfi məlumatların ötürülməsi 2025-ci ilin iyun ayında başlayıb. General jurnalistlərlə görüşlərini Pentaqonun ictimaiyyətlə əlaqələr idarəsi ilə razılaşdırmayıb və məlumatları təqdim etməzdən əvvəl onların açıqlanmasına icazə almağa çalışmayıb.
Araşdırmada Silviyanın jurnalistlərlə Signal tətbiqi vasitəsilə əlaqə saxladığı, həmçinin onlardan biri ilə ABŞ-ın Virciniya ştatında yerləşən restoranda görüşdüyü də qeyd olunur.
ABŞ-ın müdafiə naziri Pit Heqset generalı vəzifəsindən azad edib. Daha əvvəl “The Atlantic” jurnalı Silviyanın işdən çıxarıldığını, lakin qərarın səbəbinin açıqlanmadığını yazmışdı.
Hadisə ilə bağlı materialların mümkün hüquqi tədbirlər üçün ABŞ Ədliyyə Nazirliyinə göndərildiyi bildirilir.