Qatarlara tələbat kəskin artdı – Reyslərin sayı 96-ya çatdırıldı
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) yeni tədris ilinin ilk günündə Abşeron dairəvi dəmir yolu üzrə rekord sərnişin sayı qeydə alıb.
ADY-dən verilən məlumata görə, sentyabrın 15-də Bakı–Xırdalan–Bakı və Bakı–Pirşağı–Sumqayıt–Bakı istiqamətlərində təxminən 52 min sərnişin daşınıb.
Müqayisə üçün, ötən ilin eyni günündə bu istiqamətlər üzrə dəmir yolu xidmətlərindən 42 mindən çox sərnişin istifadə edib. Beləliklə, sərnişin sayı bir il ərzində 23,3 faiz artıb.
Sentyabrın 15-dən qüvvəyə minən yeni hərəkət qrafikinə əsasən, Abşeron dairəvi dəmir yolu üzrə reyslərin sayı da artırılıb. Gündəlik reyslərin sayı 90-dan 96-ya çatdırılıb.