İş masası həm də yemək masasıdırsa... – FOTO
Evdən işləyən insanların qeyri-müntəzəm qidalanması birbaşa şəkərli diabetə səbəb olmasa da, orqanizmdə qlükoza mübadiləsinə mənfi təsir göstərə bilər.
Bu barədə tibb elmləri namizədi, “Meditsina” Səhmdar Cəmiyyətinin endokrinoloqu Natalya Tananakina Lenta.ru-ya müsahibəsində bildirib.
Həkimin sözlərinə görə, nahar yeməyini ötürüb axşam saatlarında həddindən artıq qidalanmaq eyni miqdarda yeməyi günün daha erkən saatlarında qəbul etməklə metabolik baxımdan eyni nəticəni vermir. Üstəlik, yuxusuzluq orqanizmin insulinə həssaslığını azalda bilər.
“Bəzi tədqiqatlara görə, qeyri-müntəzəm qidalanmadan sonra eyni miqdarda qidanın mənimsənilməsi üçün daha çox insulin tələb olunub. Halbuki acqarına qanda şəkərin səviyyəsi dəyişməyib. Bu, toxumaların insulinə həssaslığının azalmasının mümkün əlamətidir, lakin diabetin qaçılmaz olduğunu sübut etmir”, – deyə mütəxəssis izah edib.
Endokrinoloq vurğulayıb ki, qidalanma rejimi sağlam və balanslaşdırılmış rasionu əvəz etmir, onu tamamlayır. Artıq çəki, irsi meyillilik və fiziki hərəkətsizlik də diabet riskinə təsir göstərən mühüm amillərdir.
Onun sözlərinə görə, evdən işləməyin əsas təhlükəsi iş yerinin harada olması deyil, uzun müddət oturmaq, kompüter qarşısında yemək, gec saatlarda şam etmək və kifayət qədər yatmamaq kimi vərdişlərin birləşməsidir.
Belə həyat tərzi insanın fərqinə varmadan normadan artıq qidalanmasına şərait yarada bilər. Lakin bütün frilanserləri ayrıca, elmi cəhətdən sübut olunmuş risk qrupu hesab etmək düzgün deyil.
Həkim bildirib ki, nahardan sonra yuxululuq, şirniyyata güclü istək və enerji səviyyəsində dəyişikliklər insulin müqavimətinin dəqiq göstəriciləri deyil. Bu əlamətlər əsasında diaqnoz qoymaq mümkün deyil.
Prediabet isə çox vaxt nəzərəçarpan əlamətlər olmadan inkişaf edir.

Mütəxəssis xəbərdarlıq edib ki, güclü susuzluq, tez-tez sidiyə getmək və səbəbsiz çəki itkisi müşahidə olunduqda vaxt itirmədən həkimə müraciət etmək lazımdır.
Endokrinoloqun sözlərinə görə, diabet riskini azaltmaq üçün əsas qida qəbulunu davamlı olaraq gecə saatlarına keçirməmək, müntəzəm hərəkət etmək, kifayət qədər yatmaq və artıq çəkidən xilas olmaq vacibdir.
Bununla belə, yalnız yemək saatlarını nizamlamaq sağlamlığı qorumaq üçün kifayət deyil.