Dənizin ortasında ölüm-dirim savaşı: 10 nəfər sağ qaldı
Aralıq dənizində Tanzaniya bayrağı altında üzən “As Dream” ticarət gəmisi batıb. Kipr Respublikasının müvafiq qurumları gəminin 10 heyət üzvünü xilas ediblər.
Bu barədə Larnaka şəhərində yerləşən Birləşmiş Axtarış-Xilasetmə Koordinasiya Mərkəzinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, oktyabrın 30-da, saat 20:15-də mərkəzə Pafos şəhərindən 90 dəniz mili qərbdə yerləşən ərazidə Tanzaniya bayraqlı “As Dream” gəmisinin batmaqda olması barədə məlumat daxil olub.
Dərhal həyata keçirilən xilasetmə əməliyyatı nəticəsində gəminin göyərtəsində olan 10 dənizçinin hamısı sağ-salamat xilas edilib.
Dənizçilər əvvəlcə “MSC Hannah III” yük gəmisinə çıxarılıblar. Daha sonra Kiprin Liman və Dəniz Polisinə məxsus “Pentadaktylos” katerinə keçirilərək Limassol limanına çatdırılıblar.
Tibbi müayinə zamanı xilas edilənlərin səhhəti qənaətbəxş qiymətləndirilib.
Əməliyyatda həmçinin Kiprin Milli Qvardiyasına məxsus helikopter və Sahil Mühafizəsinin patrul kateri iştirak edib.