1998-ci ildə piyada yola çıxmışdı, 28 il sonra evinə çatmaq üzrədir – Heç vaxt görmədiyi nəvəsi onu gözləyir!
1998-ci ildə dünyanı piyada dolaşmaq üçün yola çıxan britaniyalı Karl Buşbi 28 illik səyahətini başa vurmağa hazırlaşır. Keçmiş desantçı doğma şəhəri Halla çatmaq üçün son kilometrləri qət edir.
Hazırda 57 yaşı olan Buşbi 1998-ci il noyabrın 1-də Çilinin Punta-Arenas şəhərindən yola çıxıb. O zaman cəmi 29 yaşı olan səyyah qarşısına qeyri-adi məqsəd qoyub: heç bir nəqliyyat vasitəsindən istifadə etmədən, fasiləsiz marşrutla dünyanı dolaşmaq və yalnız səfəri tamamladıqdan sonra evinə qayıtmaq.

Bu illər ərzində o, dörd qitəni keçərək təxminən 50 min kilometr yol qət edib.
Səyyahın qarşılaşdığı ən ağır sınaqlar arasında Panama ilə Kolumbiya arasındakı təhlükəli Daryen keçidi, donmuş Berinq boğazı və La-Manş boğazı xüsusi yer tutur.
Buşbi Berinq boğazını buz üzərindən keçib, La-Manş boğazını isə üzərək adlayıb. O, səyahəti boyunca nəqliyyat vasitələrindən istifadə etməmək prinsipinə sadiq qalıb.

28 illik ayrılıqdan sonra onu doğma şəhərində oğlu, indiyədək üzünü görmədiyi 12 yaşlı nəvəsi, atası və bacı-qardaşları qarşılayacaqlar.
Bir vaxtlar gənc yaşlarında başladığı və illərlə davam edən bu qeyri-adi səyahət indi sona yaxınlaşır.
Karl Buşbi 29 yaşında çıxdığı yoldan 57 yaşında evinə qayıtmağa hazırlaşır.