48 ildir bir stəkan da su içməyib? – Baffetin sirri gündəm oldu
Dünyanın ən tanınmış milyarder investorlarından biri olan 96 yaşlı Uorren Baffetin 48 ildir su içmədiyi iddia olunur.
Bu barədə amerikalı milyarder, investor Bill Akman iştirak etdiyi “Equity Mates Investing” podkastında danışıb.
Akmanın sözlərinə görə, illər əvvəl Baffeti evində şam yeməyinə dəvət edib. Qonağının vişnəli kolanı çox sevdiyini bildiyindən onun üçün əvvəlcədən “Cherry Coke” alıb.
Süfrə arxasında Baffetə adi və ya qazlı su təklif edən Akman gözlənilməz cavab alıb.
“Bill, mən 48 ildir su içmirəm”, – deyə Baffet ona bildirib.
Məşhur investorun qazlı içkilərə xüsusi marağı isə uzun illərdir məlumdur. O, əvvəllər gündə təxminən 5 qutu “Coca-Cola” içdiyini açıqlayıb.
Baffet 2015-ci ildə verdiyi müsahibələrin birində gündəlik qəbul etdiyi kalorinin 25 faizini koladan aldığını söyləyib.

“Bədənimin dörddə biri Coca-Cola-dan ibarətdir”, – deyə milyarder zarafat edib.
Baffetin kola sevgisi yalnız gündəlik vərdişləri ilə məhdudlaşmır. Onun uzun illər rəhbərlik etdiyi “Berkshire Hathaway” şirkətinin “Coca-Cola”da milyardlarla dollar dəyərində səhmləri var.
Bununla belə, 48 il su içməməsi barədə məlumat Baffetin özünün son açıqlaması deyil, Bill Akmanın illər əvvəlki söhbətlə bağlı xatirəsinə əsaslanır. Bu iddianın sözün həqiqi mənasında doğru olub-olmadığı təsdiqlənməyib.