Psixika üçün “ideal” qəhvə dozası - FOTO
Gündə 2–3 fincan qəhvə içmək psixi sağlamlıq üçün faydalı ola bilər, xüsusilə də kişilərdə. Bu barədə Euronews yazır.
Araşdırma UK Biobank bazasında 40–69 yaş aralığında olan 460 mindən çox iştirakçının məlumatları əsasında aparılıb və gündəlik qəhvə istehlakı ilə psixi pozuntular arasındakı əlaqə təhlil edilib.
Nəticələr göstərib ki, az və ya həddindən artıq qəhvə içənlər, orta miqdarda istehlak edənlərlə müqayisədə heç bir üstünlük əldə etmir. Əksinə, gündə 5 və daha çox fincan qəhvə psixi pozuntular riskinin artması ilə əlaqələndirilir.

Tədqiqatda qeyd olunur ki, qəhvənin təsiri kişilərdə daha aydın müşahidə olunur.
Qəhvə tərkibində minlərlə bioloji aktiv maddə var — o cümlədən kofein, polifenollar və digər birləşmələr. Bu maddələrin, xüsusilə kofein və xlorogen turşusunun iltihabəleyhinə təsiri psixi sağlamlığa müsbət təsir göstərə bilər.
Eyni zamanda kofeinin sinir sistemi üzərində qoruyucu təsir göstərdiyi, stressin yaratdığı mənfi təsirləri zəiflədə bildiyi vurğulanır.