COVID-dən sonra gizli iltihab aylarla davam edə bilər - Xəbərdarlıq
COVID-19 orqanizmdə, xüsusilə də ağciyərlərdə güclü iltihab reaksiyası yaradır. «Gazeta.Ru»ya danışan tibb elmləri namizədi, Piroqov Universitetinin xəstəxana terapiyası kafedrasının assistenti Tatyana Kim bildirib ki, bu iltihab ağciyər toxumasını zədələyərək çapıq toxumasının (fibrozun) yaranmasına səbəb ola bilər. Üstəlik, iltihab prosesi xəstəliyin kəskin simptomları keçsə belə, ağciyərləri zədələməyə davam edir.
O deyib:
“COVID-19-a səbəb olan SARS-CoV-2 virusu birbaşa olaraq alveolları – yəni qaz mübadiləsinin getdiyi kiçik hava kisəciklərini zədələyə bilər. Bu zədələnmə fibrozun inkişafını sürətləndirir. Ağciyər toxuması zədələndikdə orqanizm həddindən artıq kollagen və digər maddələr istehsal edir. Bu isə toxumanın qalınlaşmasına və sərtləşməsinə gətirir.”
Kimin sözlərinə görə, kəskin simptomlar keçsə də, iltihab prosesi davam edə və toxumanın daha çox zədələnməsinə səbəb ola bilər.
O əlavə edib:
“Ağır pnevmoniya, xüsusilə xəstə süni tənəffüs aparatına qoşulduqda, ağciyər strukturlarında mexaniki zədələr yarada bilər. Lakin bir çox xəstədə hətta ciddi zədələrdən sonra belə ağciyərlər heyrətamiz bərpa qabiliyyəti göstərir. Zaman keçdikcə iltihab azalır və toxumanın bir hissəsi normaya qayıdır.”
Həkim vurğulayıb ki, ağır COVID-dən sonra fibroz riski yüksək olsa da, bu, mütləq deyil. Nəticə əsasən vaxtında başlanan müalicə və düzgün reabilitasiyadan asılıdır. Buna görə xəstəlikdən 3–6 ay sonra ağciyərlərin KT müayinəsi aparılması vacibdir.