Günəşdə güclü partlayış: Yer üçün təhlükə varmı?
Günəşdə son ay yarımın ən güclü partlayışı qeydə alınıb
Mütəxəssislər Günəşdə güclü partlayış qeydə alıblar. Tədqiqatçıların qiymətləndirməsinə görə, bu, son 1,5 ayın ən güclü Günəş partlayışıdır.
Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası Telegram kanalında məlumat yayıb.
Hadisə Moskva vaxtı ilə 04:36-da, Bakı vaxtı ilə isə 05:36-da baş verib və M9,3 balı ilə qiymətləndirilib. Laboratoriyadan bildirilib ki, partlayışın ən yüksək rentgen sinfi olan X sinfinə çatmasına cəmi təxminən 7 faiz çatmayıb. Bu gücdə əvvəlki rekord partlayışlar 24 aprel 2026-cı ildə müşahidə olunmuşdu.
Günəşdə vəziyyət 2 maydan etibarən gərginləşməyə başlayıb. Aktivlik qrafikinə əsasən, partlayışlar təxminən 7 saatlıq intervalla baş verir və onların intensivliyi ardıcıl şəkildə artır. Bununla belə, fiziki modellər hələ də güclü partlayış ehtimalını aşağı qiymətləndirir və növbəti hadisə riskini 3 faiz olaraq göstərir.
Proqnozlara görə, növbəti partlayış günorta saatlarında baş verə bilər və onun gücü X sinfi həddini keçə bilər. Ekspertlər qeyd edirlər ki, hazırkı Günəş konfiqurasiyası ümumilikdə yüksək aktivlik gözləntisi yaratmır. Lakin partlayış demək olar ki, Günəş diskinin mərkəzində baş verdiyi üçün plazma axınlarının böyük ehtimalla birbaşa Yerə doğru istiqamətlənməsi mümkündür.
Buna baxmayaraq, hələlik obyektiv nəzarət vasitələri plazma atılmasının Yer istiqamətində olduğunu təsdiqləməyib. Alimlər baş verən hadisəni hazırkı mərhələdə təhlükəsiz hesab edirlər.
Mütəxəssislər yaxın sutka ərzində vəziyyətin inkişafını izləməyi vacib sayırlar.