Səkidəki qovaq tükünü yandırdı, dayanacaqdakı maşınlar kül oldu
Çinin Dalyan şəhərində 74 yaşlı Van soyadlı kişi səkidə və pilləkənlərdə yığılan qovaq tükünü yandırmaq istəyib.
Lakin onun bu addımı böyük yanğına səbəb olub.
Bu barədə “Penpay” nəşri və yerli yanğınsöndürmə xidməti məlumat yayıb.
Məlumata görə, kişi qovaq tükünün gündəlik gəzintilərə mane olduğunu düşünüb və onu alışqanla yandırıb. Güclü külək alovu qısa müddətdə böyüdüb və yanğın yaxınlıqdakı dayanacağa keçib.
Avtomobillər bir-birinə çox yaxın saxlandığı üçün alov sürətlə yayılıb. Nəticədə sahiblərinə təhvil verilməyi gözləyən 20 yeni elektromobil yanıb.
Yanğınsöndürənlərin məlumatına görə, bəzi elektromobillər tamamilə yanaraq kömürləşmiş karkasa çevrilib. Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb.
Hadisəni törədən şəxs barəsində ehtiyatsızlıqdan odla davranma nəticəsində ağır fəsadlara səbəb olma maddəsi ilə cinayət işi açılıb.