Binəqədidə qətl: Toy günü bacısının ərini bıçaqladı - VİDEO
Bakının Binəqədi rayonunda qətl hadisəsi baş verib. Hadisə rayonun 28 May qəsəbəsində qeydə alınıb.
DenMedia.az Baku TV-ə istinadən xəbər verir ki, 30 yaşlı Taleh Qurbanov toy günü bacısının həyat yoldaşı, 37 yaşlı Qəlbinur Məmmədov ilə mübahisə edib. Münaqişə zamanı o, qohumuna bıçaq xəsarətləri yetirib. Qəlbinur Məmmədov aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Yaxınlarından biri bildirib ki, toy mərasimi həmin ərazidə keçirilməli imiş. Onun sözlərinə görə, tərəflər arasında məişət zəminində narazılıqlar olub.
“Axşam eyni masa arxasında oturmuşdular, mehriban şəkildə söhbət edirdilər. Amma gecə faciə baş verdi. Onlar sadəcə qohum deyildilər, demək olar ki, qardaş və yaxın dost idilər. Evləri eyni həyətdədir, aralarında heç hasar da yoxdur”, deyə yaxınlarından biri bildirib.
Digər qohum isə bayram məclisinin yasa çevrildiyini deyib.
“Əgər sərxoş vəziyyətdə olmasaydılar, yəqin ki, bu hadisə baş verməzdi”, deyə o qeyd edib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.