Qar fırtınası fonunda qəza: 8 sərnişinin taleyi bilinmir
ABŞ-ın Meyn ştatında Bombardier Challenger 650 tipli özəl təyyarə qəzaya uğrayıb. Bu barədə CNN mənbələrə istinadən məlumat yayıb. Təyyarənin göyərtəsində səkkiz sərnişin olub, onların vəziyyəti barədə hələlik məlumat yoxdur.
Telekanalın bildirdiyinə görə, özəl təyyarə Bənqor hava limanından qalxış zamanı qəzaya düşüb.
Hava limanının nümayəndələri qəza ilə bağlı fövqəladə xidmətlərin yerli vaxtla saat 19:45-də (Bakı vaxtı ilə bazar ertəsi 03:45) hadisə yerinə cəlb olunduğunu açıqlayıblar. Hava limanı müvəqqəti olaraq bağlanıb.
Qəza ölkənin şimal-şərqində müşahidə olunan güclü qar fırtınası fonunda baş verib. Bildirilir ki, Meyn ştatında temperatur sıfırdan xeyli aşağıdır, zəif qar yağışı isə çox pis görünüş məsafəsi yaradır.