Tramp İranla bağlı "masaya" yenidən zərbə variantını qoyur
ABŞ Prezidenti Donald Tramp İranla bağlı vəziyyəti və İran ərazisinə zərbələrin mümkün bərpasını müzakirə etmək üçün milli təhlükəsizlik komandası ilə görüşəcək. Bu barədə bazar ertəsi “Axios” mənbələrə istinadən məlumat yayıb.
Portal üç amerikalı rəsmi şəxsə istinadən yazır:
Prezident Tramp bazar ertəsi milli təhlükəsizlik komandası ilə görüş keçirərək İranla müharibədə növbəti addımları müzakirə edəcək. Nəzərdən keçirilən variantlardan biri hərbi əməliyyatların mümkün bərpasıdır.
Onların sözlərinə görə, ABŞ Prezidenti hələ də münaqişəni başa çatdırmağa imkan verəcək razılaşmaya nail olmaq istəyir. Lakin İranın mövqeyi vəziyyəti daha da çətinləşdirir.
Nəşrin məlumatına görə, Prezidentin nəzərdən keçirdiyi variantlar arasında Hörmüz boğazında gəmilərin müşayiəti üzrə “Azadlıq” layihəsinin bərpası və İranın yenidən bombalanması da var.
“Axios” xatırladır ki, son günlər Tramp danışıqların uğursuzluğa düçar olacağı təqdirdə İranın infrastruktur obyektlərinə mümkün zərbələr barədə bir neçə dəfə danışıb.