ABŞ prezidenti Papa ilə gərginlik iddialarına aydınlıq gətirdi
ABŞ prezidenti Donald Tramp bildirib ki, Roma Papası XIV Lev ilə arasında heç bir münaqişə yoxdur, lakin onun İranla bağlı mövqeyi ilə razılaşmır.
Tramp jurnalistlərə açıqlamasında qeyd edib ki, pontifikə qarşı şəxsi narazılığı yoxdur.
“Papa bunu anlamalıdır: mənim ona qarşı heç bir problemim yoxdur. Mən onunla münaqişədə deyiləm. O deyir ki, İranın nüvə silahı ola bilər. Mən isə deyirəm ki, İranın nüvə silahı ola bilməz,” — deyə Donald Tramp bildirib.
ABŞ lideri vurğulayıb ki, papa istədiyini deyə bilər, lakin onunla razılaşmamaq hüququ da var.
Bundan əvvəl XIV Lev Trampın İran sivilizasiyasını məhv etməklə bağlı hədəsini “qəbuledilməz” adlandırmışdı. O həmçinin bildirib ki, “Tanrı heç bir münaqişəni xeyir-dua ilə qarşılamır”.
Qeyd olunub ki, pontifik heç vaxt İranın nüvə silahına malik olmasını dəstəkləməyib və ümumilikdə nüvə silahlarının istifadəsinə qarşı çıxış edib.