ABŞ Ədliyyə Nazirliyi geri addım atdı: Trampın Epşteyn arxivindəki fotosu yenidən yayımlandı
ABŞ Ədliyyə Nazirliyi amerikalı prezident Donald Trampın maliyyəçi Cefri Epşteynə aid arxivlərdən olan və ictimai çıxışdan silinmiş fotosunu yenidən dərc edib. Bu barədə nazirlik X sosial şəbəkəsində məlumat yayıb.
Nazirliyin açıqlamasında bildirilir ki, aparılmış araşdırma nəticəsində fotoda Epşteynin qurbanlarının əks olunduğunu göstərən heç bir sübut aşkarlanmayıb. Qeyd olunub ki, şəkil heç bir dəyişiklik və redaktə edilmədən yenidən yayımlanıb.
Şəklin silindiyi barədə məlumat bir gün əvvəl məlum olmuşdu. Associated Press agentliyinin məlumatına görə, bir sutka ərzində ABŞ Ədliyyə Nazirliyinin saytından Donald Trampın Epşteyn, həyat yoldaşı Melaniya Tramp və Epşteynin yaxın əməkdaşı Gisleyn Maksvel ilə birlikdə yer aldığı fotolar yoxa çıxmışdı.
Bundan əlavə, çılpaq qadınların təsvir olunduğu rəsmlərin fotoları, eləcə də Epşteynin şəxsi əşyalarının rəflərdə və siyirmələrdə göründüyü şəkillər də saytdan silinmişdi.