Nobel laureatı Nərqiz Məhəmmədi İranda saxlanıldı
İranda Nobel Sülh Mükafatı laureatı Nərqiz Məhəmmədi saxlanılıb. Onun döyüldüyü və “İsrail hökuməti ilə əməkdaşlıq”da ittiham edildiyi bildirilir.
“Radio Farda”-nın məlumatına görə, Nərqiz Məhəmmədi 12 dekabrda iranlı hüquqşünas və hüquq müdafiəçisi Xosrov Alikordinin xatirəsinə həsr olunmuş mərasim zamanı saxlanılıb. Məhəmmədi və daha 38 nəfər “təxribat” və “ictimai asayişin pozulması” ittihamları ilə nəzarət altına alınıb.
Dünən Nobel laureatının X sosial şəbəkəsindəki hesabında ailəsi adından paylaşım edilib. Bildirilir ki, Məhəmmədi ailəsi ilə telefonla əlaqə saxlaya bilib. O deyib ki, saxlanılma zamanı mülki geyimli şəxslər tərəfindən baş və boyun nahiyəsindən dəyən zərbələr alıb və ona hədə-qorxu gəliblər.
Paylaşımda qeyd olunur ki, Məhəmmədi saxlanıldıqdan sonra iki dəfə təcili tibbi yardıma aparılıb.
Onun sözlərinə görə, saxlanılma zamanı və sonrasında ona “İsrail hökuməti ilə əməkdaşlıq” ittihamı irəli sürülüb.