Rusiya XİN: Avstraliyadakı terror aktında həmvətənlərimiz də həlak olub
Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, Avstraliyada baş vermiş terror aktı nəticəsində həlak olanlar arasında bu ölkədə yaşayan Rusiya vətəndaşları da var.
“Məlum olduğu kimi, təəssüf ki, terror aktının qurbanları arasında Avstraliyada daimi yaşayan həmvətənlərimiz də var,” — deyə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovanın nazirliyin saytında dərc olunan şərhində bildirilib.
Şərhdə terror aktı qətiyyətlə pislənir.
“Sidney şəhərində, Bonday Biç rayonunda Xanuka bayramının qeyd edildiyi vaxt baş vermiş terror aktı barədə xəbəri dərin kədərlə qarşıladıq. Ekstremistlərin bu vəhşi hücumunu qətiyyətlə pisləyirik. Hücum nəticəsində 15 günahsız insan, o cümlədən on yaşlı bir qız uşağı həlak olub, onlarla insan yaralanıb,” — deyə qeyd edilib.
“Terrorizmin bütün forma və təzahürlərinə qarşı barışmaz mübarizənin tərəfdarıyıq. Bu vəhşiliyə qarşı birgə müqavimət göstərmək üçün dünyanın bütün ölkələrini səyləri birləşdirməyə çağırırıq. Həlak olanların ailələrinə və terror aktı nəticəsində zərər çəkən hər kəsə dərin hüznlə başsağlığı veririk,” — deyə şərhdə vurğulanıb.