Möhlət hüququndan sui-istifadəyə qarşı tədbirlər görüləcək
“Bu gün təhsilə görə möhlət hüququndan istifadə edərək xidmətdən yayınma halları korrupsiya üçün də şərait yaradır. Biz bu məsələlərə son qoymalıyıq”.
DenMedia.az xəbər verir ki, bunu Dövlət Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-mayor Mürsəl İbrahimov apa agentliyinə və real tv-yə müsahibəsində bildirib.
Xidmət rəisi qeyd edib ki, təhsilə görə hərbi xidmətdən möhlət yalnız akkreditasiyadan keçmiş xarici ali təhsil müəssisələrində əyani formada oxuyan və tələb olunan sənədləri vaxtında təqdim edən tələbələrə verilir.
İbrahimovun sözlərinə görə, bəzi çağırışçılar hərbi xidmətdən yayınmaq üçün xaricdə təhsil aldıqlarına dair saxta arayışlardan istifadə etməyə çalışırlar.
Bu səbəbdən qanunvericiliyə dəyişikliklər hazırlanır. Dəyişikliklər möhlət verilməsi qaydalarını sərtləşdirməli və sui-istifadə hallarının qarşısını almalıdır. Eyni zamanda, həqiqətən xaricdə təhsil alan şəxslərə dəstəyin saxlanılması nəzərdə tutulur.
“Biz təhsilə görə möhlət verilməsi ilə bağlı qərarları məhkəmə orqanlarında mübahisələndirməyə hazırıq”, — deyə İbrahimov bildirib.