Sumqayıtda şagirdlər qazılan quyuya düşüb?-Kamran Hüseynov küçəsində nə baş verir?-VIDEO
Sumqayıtda uzun müddətdir aparılan kanalizasiya xəttinin çəkilişi hələ də başa çatdırılmadığından ərazi sakinləri ciddi çətinliklərlə üzləşiblər. Yarımçıq qalan işlər nəticəsində küçə demək olar ki, keçilməz hala düşüb. Xüsusilə yağışlı havalarda vəziyyət daha da ağırlaşıb . Yol tamamilə bağlanıb, piyadalar və nəqliyyat vasitələrinin hərəkəti mümkünsüzləşib.
Denmedia.az xəbər verir ki, söhbət şəhərin Kamran Hüseynov küçəsindən gedir.
Sakinlərin sözlərinə görə, avtomobillər palçığa bataraq yolda qalır, palçığın səviyyəsi bəzi yerlərdə dizə qədər çatır. Bu səbəbdən təcili tibbi yardım, taksi və digər xidmət avtomobilləri küçəyə daxil olmaqdan imtina edir. Nəticədə ərazidə yaşayan vətəndaşların gündəlik gediş-gəlişi, təhlükəsizliyi və operativ tibbi xidmətə çıxışı ciddi şəkildə məhdudlaşır. Ən acınacaqlısı isə budur ki, yolsuzluq səbəbindən məişət tullantılarını sakinlərinlər həyətlərindən çıxarıb ata bilmirlər.
Məsələ ilə bağlı apardığımız araşdırma zamanı məlum olub ki, ərazidə kanalizasiya xətlərinin çəkilişi ADSEA-nın podratçı təşkilatı olan “EL EPCM” şirkəti tərəfindən həyata keçirilir. Şirkətin baş mühəndisi Elvin Əhmədov “DenazTv”-yə açıqlamasında bildirib ki, layihə tələblərinə uyğun olaraq Kamran Hüseynov küçəsində, 9 nömrəli orta məktəbin qarşısında diametri 1600 mm olan dəmir-beton kanalizasiya kollektorunun tikintisi artıq başa çatıb və hazırda son tamamlama işləri icra olunur. Baş mühəndisin sözlərinə görə, son günlər müşahidə olunan intensiv yağıntılar səbəbindən tamamlama işləri, eləcə də küçənin məktəb önünə düşən hissəsində asfalt örtüyünün bərpası gecikib. Bildirilib ki, bu gün havanın yağmursuz keçməsini nəzərə alaraq asfaltaltı hazırlıq işlərinə başlanılıb və hava şəraiti əlverişli olacağı təqdirdə yaxın vaxtlarda sözügedən küçədə asfalt örtüyü tam bərpa ediləcək.
Mövcud vəziyyət bir daha göstərir ki, infrastruktur layihələrinin icrasında vaxtında nəzarət və operativ tədbirlər görülmədikdə bunun əziyyətini sadə vətəndaşlar çəkir.
nizami