“Adıma məktəb tikilsin”: Fatih Ürekin son arzusu yerinə yetirilməyəcək
Bir neçə ay əvvəl vəfat edən türkiyəli müğənni Fatih Ürekin öz adına məktəb tikilməsi ilə bağlı vəsiyyətinin yerinə yetirilməyəcəyi məlum olub.
Bu barədə Haberler.com məlumat yayıb.
Fatih Ürek 15 oktyabr 2025-ci ildə keçirdiyi infarktdan sonra uzun müddət müalicə alıb. O, 30 yanvarda, 59 yaşında vəfat edib.
Sənətçinin ölümündən sonra onun iki il əvvəl televiziya proqramlarından birində səsləndirdiyi arzusu yenidən gündəmə gəlib. Fatih Ürek öz adına xeyriyyə fondu yaradılmasını və məktəb tikilməsini istədiyini bildirmişdi.
Müğənninin bacısı Selvi Ürek isə ailənin sanıldığı qədər böyük sərvətə sahib olmadığını açıqlayıb. Onun sözlərinə görə, sənətçinin cəmi iki evi olub və həmin evlər hələ satılmayıb.
Bildirilib ki, Fatih Ürekin bank krediti, kredit kartı, vergi və avans borcları olub. Borcların böyük hissəsi onun topladığı qızıl və xarici valyuta hesabına ödənilib, hazırda isə yalnız az miqdarda borc qalıb.
Bacısı ailə üzvləri arasında tam etimad olmadığı üçün sənətçinin dəyərli əşyalarının ailənin yaxın dostlarından birinə həvalə edildiyini də deyib.
Selvi Ürek məktəb layihəsinin həyata keçirilməsinin mümkün olmadığını bildirib. Onun sözlərinə görə, ailə üzvləri vəsiyyətdə nəzərdə tutulan məktəb ideyasını dəstəkləmir, həmçinin layihəni maliyyələşdirmək üçün kifayət qədər böyük vəsait yoxdur.
Beləliklə, sənətçinin öz adına məktəb tikilməsi ilə bağlı arzusu reallaşmayacaq.