Fatih Ürekin milyonluq mirası ilə bağlı qərar verildi: hamısı bir-bir satılacaq
Əyləncə dünyasının unudulmaz simalarından biri olan, “Hadi Hadi” mahnısı ilə yadda qalan Fatih Ürekin vəfatından sonra geridə qoyduğu mirasın taleyi bəlli olub. Ailəsi məşhur sənətçinin ən böyük arzusunu həyata keçirmək üçün hərəkətə keçib.
59 yaşlı sevilən sənətçi 15 oktyabr 2025-ci ildə evində keçirdiyi qəfil infarktdan sonra xəstəxanaya yerləşdirilmişdi. İlk müdaxilə zamanı ürəyi dayanan Ürek 20 dəqiqəlik ürək masajından sonra həyata qaytarılmışdı.
Aylarla reanimasiyada müalicə alan sənətçi təxminən 170 günlük həyat mübarizəsini itirərək 30 yanvarda vəfat etmişdi. O, Üsküdardakı Karacaahmet qəbiristanlığında göz yaşları içində son mənzilə yola salınmışdı.
Fatih Ürekin ölümündən sonra onun illər boyu səhnə həyatında qazandığı sərvət də gündəmə gəlmişdi. Məlumata görə, sənətçinin mal varlığına Bodrum Yokuşbaşında təxminən 170 milyon TL dəyərində 800 kvadratmetrlik malikanə, İstanbul Ataşehirdə 5 mənzil, 6 milyon TL dəyərində lüks avtomobil, bank hesabındakı nağd vəsait, həmçinin dəyərli brilyant və zərgərlik kolleksiyası daxil idi.
Bundan başqa, sənətçinin vəfatından qısa müddət əvvəl böyük bir kafe şəbəkəsindəki payını fərqli investisiyalarda dəyərləndirmək üçün təhvil verdiyi də iddia olunmuşdu.
Son günlər mətbuatda yayılan “miras qardaş-bacılar arasında bölüşdürüldü, zinət əşyaları və evlər oğurlandı” kimi xəbərlərdən sonra Fatih Ürekin bacısı Selvi Ürek açıqlama verib.
O, prosesin tamamilə hüquqi çərçivədə aparıldığını və qardaş-bacılar arasında heç bir problem olmadığını bildirib.
“Hələ xəstəxanada olduğu vaxtlarda belə haqqımızda əsassız xəbərlər yayıldı. ‘Zinət əşyaları, xəzlər, evlər və pullar oğurlandı, bölüşdürüldü’ deyildi, amma qətiyyən belə bir şey yoxdur. Prosesi idarə etməsi üçün öz vəkilinə səlahiyyət verdik. Rəsmi prosedurlar tamamlandıqdan sonra qalan mal varlığı dörd qanuni varis arasında bərabər şəkildə bölüşdürüləcək”, — deyə Selvi Ürek bildirib.

O, Fatih Ürekin vergi və bank borclarının da olduğunu, bu borcların böyük hissəsinin sənətçinin öz vəsaiti hesabına ödənildiyini qeyd edib.
Selvi Ürek sənətçinin səhnə həyatından qalan şəxsi əşyalarının taleyi barədə də danışıb.
“Bəli, zinət əşyaları vardı. Bir hissəsi satıldı, bir hissəsini isə qardaş-bacılar olaraq xatirə kimi götürdük. Eynəyi, bir neçə çantası kimi əşyalarını da xatirə üçün ayırdıq. Amma geridə qalan bütün əşyalarını satacağıq. Hələ çoxlu ayaqqabısı, səhnə geyimi var. Hamısını satıb mütləq şəkildə təhsilə və bir qədər də heyvanlara bağışlayacağıq”, — deyə o əlavə edib.