Meyvə-tərəvəz satarkən kəşf edildi, dünyanın ən varlı ailəsinə gəlin oldu - məşhur model 6-cı uşağını gözləyir
Məşhur simalar arasında elələri var ki, onların həyat hekayəsi sanki nağılı xatırladır. Gənclik illərində böyük çətinliklər yaşayan, sonradan isə özünə qibtə ediləcək həyat quran məşhur model Natalya Vodyanova da həmin adlardan biridir.
Podyumlarda parladığı illərdə pərəstişkarları tərəfindən “Supernova” adlandırılan məşhur Rusiya modeli Natalya Vodyanova 44 yaşında altıncı övladını gözləyir.
Gözəl model Vogue France jurnalının üz qabığında mini libasla poz verərək böyüyən qarnını nümayiş etdirib və hamilə olduğunu bu yolla açıqlayıb.
Natalya Vodyanova dünyanın ən varlı ailələrindən birinin üzvü olan, Christian Dior şirkətinin 48 yaşlı baş direktoru Antuan Arno ilə evlidir.
Fransalı iş adamı LVMH imperiyasına nəzarət edən milyarder Bernar Arnonun ikinci övladı və böyük oğludur. Dünyanın ən varlı ailələrindən biri kimi tanınan Arno ailəsinin şirkəti Louis Vuitton, Christian Dior, Tiffany & Co., Sephora və Moët & Chandon daxil olmaqla təxminən 75 lüks brendə sahibdir.
Forbesun məlumatına görə, 2025-ci ilin dekabrına olan vəziyyətə əsasən, Bernar Arnonun sərvəti təxminən 190 milyard dollar qiymətləndirilir.
Natalya Vodyanova Sovet İttifaqının indiki Rusiya ərazisində yerləşən Qorki şəhərinin kasıb bölgəsində dünyaya gəlib. Onun bacılarından birində autizm, digərində isə serebral iflic olub. Ailəsinə kömək etmək üçün Vodyanova gənc yaşlarında bazarda meyvə-tərəvəz satıb.
Onun həyatı 16 yaşında model agentliyi tərəfindən kəşf edilməsi ilə dəyişib. Vodyanova qısa müddətdə həm öz həyatını, həm də ailəsinin taleyini dəyişməyi bacarıb.
Məşhur model tezliklə Vogue və Vanity Fair kimi nüfuzlu jurnalların üz qabığında yer almağa başlayıb və Parisə köçüb. Modellik karyerası ərzində Gucci, Guerlain və Stella McCartney kimi böyük brendlərin reklam siması olub.
Natalya Vodyanova 2000-ci ildə Parisdə bir şam yeməyində britaniyalı daşınmaz əmlak maqnatı Castin Portman ilə tanış olub. Model 8 aylıq hamilə olarkən, 2001-ci ilin noyabrında onunla evlənib.
Cütlüyün üç övladı var: 2001 və 2007-ci illərdə doğulan iki oğlu, 2006-cı ildə dünyaya gələn bir qızı. Onlar 2011-ci ildə ayrılıb və həmin ilin sonunda boşanıblar.

Natalya Vodyanova indiki həyat yoldaşı Antuan Arno ilə 2011-ci ildə ona məxsus lüks brendlərdən biri üçün keçirilən fotosessiyanın çəkiliş meydançasında tanış olub. Məşhur iş adamı Vodyanovaya ilk baxışdan aşiq olub.
Vodyanova 2017-ci ildə W jurnalına müsahibəsində zəngin sevgilisi barədə belə demişdi:

“İlk görüşümüzdən bəri bu, inanılmaz enişli-yoxuşlu bir yol oldu”.
Antuan Arno isə gözəl model haqqında danışarkən bunları söyləmişdi:
“Onu görəndə ağzım açıq qalmışdı. Əlbəttə, o gözəldir, amma onda izahı çətin olan başqa bir şey var. Ətrafında xüsusi bir aura var”.

Cütlüyün 2014 və 2016-cı illərdə doğulan iki oğlu var. Natalya Vodyanova və Antuan Arno 2019-cu ildə nişanlanıb, növbəti il isə Paris meriyasında sadə mərasimlə evləniblər.