Jülide Kural 27 illik həyat yoldaşı Kadir İnanırı son anına qədər tək qoymadı - FOTO
Kadir İnanırın vəfatından sonra onun 1999-cu ildən bəri həyat yoldaşı olan aktrisa və rejissor Jülide Kural yenidən gündəmə gəlib.
Kadir İnanır və Jülide Kuralın yolları 1999-cu ildə birlikdə rol aldıqları “Bütün Çocuklarım” serialının çəkiliş meydançasında kəsişib. Həmin vaxt başlayan münasibətləri illər boyu davam edib.
Jülide Kural, Kadir İnanırın keçirdiyi əməliyyatlar və reanimasiya müalicələri dövründə onun ən böyük dəstəkçilərindən biri olub. Xəstəxana prosesində həkimlərdən sənətçinin səhhəti ilə bağlı məlumatları şəxsən alan Kural zaman-zaman ictimaiyyəti də açıqlamaları ilə məlumatlandırıb.
Usta aktyorun vəfatından sonra Jülide Kuralın illər əvvəl verdiyi müsahibədə Kadir İnanır haqqında dediyi sözlər yenidən gündəmə gəlib.
Kural həmin müsahibəsində Kadir İnanır barədə belə demişdi:
“Kadir İnanır əsla maço deyil. Ağıllı bir kişinin maço kimliyini daşıya biləcəyinə inanmıram. Kadir bəy də çox ağıllı insandır. Onda maçoluğun izi belə yoxdur. Əlbəttə, aramızda mübahisələr olurdu. Onun düşüncəsində belə bir qənaət var idi ki, qadın feministdirsə, mütləq çox erkəksayağı olur. Sonra gördü ki, bu qadın feministdir, amma heç də erkəksayağı deyil”.
Jülide Kural bildirib ki, onlar ən çox siyasət və qadın-kişi münasibətləri mövzusunda müzakirələr aparıblar. Onun sözlərinə görə, bu mübahisələrdən başqa, Kadir İnanırın həyat və sənət təcrübəsindən çox yararlanıb.
Kural müsahibəsində aktyoru güvən verən insan kimi xarakterizə edərək, “Dünyanın o biri ucunda da olsam, qaçıb gələcək iki-üç insandan biridir”, — deyə bildirib.
Jülide Kural illər əvvəl Kadir İnanırla tanışlıq hekayəsini də danışmışdı. Onun sözlərinə görə, əvvəlcə o da aktyor haqqında “maço” təsəvvürünə sahib olub. “Bütün Çocuklarım” serialından təklif alanda Kadir İnanırın adını eşidib layihədə oynamaq istəmədiyini bildirib.
Kuralın sözlərinə görə, Kadir İnanır da əvvəlcə onun adını eşidəndə razılaşmaq istəməyib. Lakin prodüser hər iki tərəfi bir-birini tanımağa inandırmağa çalışıb.
Daha sonra Kadir İnanır Jülide Kuralın oynadığı tamaşanı izləməyə gedib və onun aktyorluğunu çox bəyənib. Bundan sonra serialda rol almağa razılıq verib. Kural isə aktyorun onun tamaşasına gəlməsindən təsirləndiyini və daha sonra layihədə iştirak etməyə qərar verdiyini bildirib.
Jülide Kural Kadir İnanır haqqında danışarkən onun qadın hüquqları və insan haqları ilə bağlı mübarizəsini dəstəklədiyini vurğulayıb. Onun sözlərinə görə, Kadir İnanır qadını aşağı görən, zorakılığı qəbul edən və dəyər verməyən biri olmayıb.




