Dünya fəlsəfəsinin nəhəngi Jürgen Habermas vəfat etdi
Məşhur alman filosofu və sosioloqu Jürgen Habermas 96 yaşında vəfat edib. Bu barədə Associated Press məlumat yayıb.
Agentlik qeyd edir ki, Habermasın əsərləri yalnız akademik və fəlsəfi sahələrlə məhdudlaşmırdı. O, müasir cəmiyyətin inkişafı və sosial qarşılıqlı əlaqələr haqqında düşüncələri ilə geniş tanınırdı.
Onun ən məşhur əsərlərindən biri iki cildlik “Kommunikativ fəaliyyət nəzəriyyəsi” kitabıdır.
Frankfurt məktəbinin nümayəndələrindən biri olan Habermas XX əsrin ikinci yarısının ən nüfuzlu düşünürlərindən sayılırdı. O, kommunikativ fəaliyyət və diskurs etikası konsepsiyalarının müəllifi kimi tanınırdı.
Habermas anadangəlmə damaq yarığı ilə doğulmuşdu və uşaqlıq illərində uzunmüddətli müalicə, o cümlədən əməliyyatlar keçirmişdi. Bu təcrübə onun nitq və dil haqqında baxışlarına güclü təsir göstərmişdi. Filosof hesab edirdi ki, şifahi nitq insanların birlikdə mövcudluğu üçün əsas vasitələrdən biridir.
O, eyni zamanda Almaniyanın ictimai-siyasi həyatında da fəal iştirak edirdi. Habermas keçmiş kansler Gerhard Schröderi dəstəkləmiş, onun varislərinin texnokratik yanaşmasını tənqid etmişdi. Xüsusilə o, Angela Merkelin siyasi uzaqgörənliyinin kifayət qədər olmadığını düşünürdü.