Alimlər irsi xəstəliklərə qarşı yeni yol açır
ABŞ-ın Kolumbiya Universitetinin alimləri ilk dəfə insan embrionunun genlərini yüksək dəqiqliklə dəyişdirməyə nail olublar.
Bu barədə The New York Times araşdırmaya istinadən məlumat yayıb.
Mütəxəssislərin sözlərinə görə, gələcəkdə bu texnologiya bir çox irsi xəstəliklərin müalicəsində istifadə oluna bilər.
Tədqiqatçılar genlərin redaktəsi üçün yeni texnologiyadan istifadə ediblər. Bu üsul DNT zəncirini qırmadan genetik məlumatda dəqiq dəyişiklik etməyə imkan verir.
Daha məşhur olan CRISPR metodundan fərqli olaraq, bu yanaşma daha dəqiq hesab edilir və genetik məlumat daşıyıcısının zədələnməsi riskini azaldır.
Bununla belə, mütəxəssislər bildirirlər ki, metodikanı hələlik tam təhlükəsiz adlandırmaq olmaz. Alimlər embrionların bir hissəsində mozaiklik adlanan hal aşkarlayıblar. Bu zaman bəzi hüceyrələrdə genlər düzəldilir, digər hüceyrələrdə isə dəyişiklik baş vermir.