Kardioloq ürəyin gizli "qatil”ini açıqladı
Kardioloq Sergey Veçtomov bildirib ki, oturaq həyat tərzi ürək-damar sisteminə ciddi zərər vurur.
O, Lenta.ru-ya açıqlamasında qeyd edib ki, hərəkətsizlik qan dövranını zəiflədir və tromb yaranması riskini artırır.
İnsan uzun müddət oturaq vəziyyətdə qalanda, xüsusilə aşağı ətraflarda qan dövranı pisləşir. Bu isə qanın durğunlaşmasına və ürəyə əlavə yük düşməsinə səbəb olur, — deyə həkim bildirib.
Mütəxəssisin sözlərinə görə, uzun müddət oturmaq yağların parçalanmasında iştirak edən fermentlərin fəaliyyətini də azaldır.
Bu isə “pis” xolesterinin artmasına, ateroskleroz və onun yaratdığı ağırlaşmaların riskinin yüksəlməsinə səbəb ola bilər.
Kardioloq əlavə edib ki, azhərəkətli həyat tərzi toxumaların insulinə həssaslığını da zəiflədir və zamanla ikinci tip diabetə yol aça bilər.
Onun sözlərinə görə, bütün bunlar infarkt və işemik ürək xəstəliyi də daxil olmaqla ürək-damar xəstəliklərinin yaranma ehtimalını artırır.