Macarıstanda xəstəxana işçisinin evindən insan qalıqları çıxdı
Macarıstanda bir kişi insan bədəninə aid qalıqları topladığı və onları həm yaşadığı mənzildə, həm də xəstəxanadakı iş yerində saxladığı üçün həbs edilib. Bu barədə Associated Press məlumat yayıb.
Məlumata görə, Budapeştdə sanitar işləyən 30 yaşlı şəxs iyunun 17-də saxlanılıb. Onun evində insan qalıqlarına aid müxtəlif nümunələrin aşkarlandığı bildirilir.
Anatomiya və patologiyaya böyük maraq göstərdiyi qeyd olunan kişi ifadəsində qalıqların bir qismini Macarıstan və Slovakiyadakı tərk edilmiş qəbiristanlıqlardan, bir qismini isə işlədiyi tibb müəssisəsindən götürdüyünü etiraf edib.
Şübhəli şəxs insan bədənindən qanunsuz istifadə və kannibalizm ittihamları ilə üzləşir. O, könüllü şəkildə ifadə verib və insan qalıqlarına xüsusi maraq göstərdiyini bildirib.
Polis onun kompüterlərini, telefonlarını və yaddaş kartlarını müsadirə edib. Aşkarlanan qalıqlar isə məhkəmə-tibbi ekspertizaya göndərilib. Ekspertizanın nəticələrindən asılı olaraq, şəxsə qarşı irəli sürülən ittihamların genişləndirilə biləcəyi qeyd olunur.