Dünya bazarında neft qiymətləri gerilədi
Dünya bazarlarında neft qiymətləri ucuzlaşıb. Brent markalı neftin qiyməti 73 dollar/bareldən aşağı düşərək 72 dollar ətrafında ticarət olunub.
Qiymətlərin enməsinə əsas səbəb Hörmüz boğazı ətrafında təchizatla bağlı narahatlıqların azalması və tankerlərin hərəkətində müəyyən normallaşma gözləntiləridir.
Bazar iştirakçıları ABŞ və İran arasında diplomatik təmasları, eləcə də Yaxın Şərqdə gərginliyin enerji tədarükünə təsirini izləməkdə davam edirlər. Buna baxmayaraq, son günlərdə geosiyasi risklərin nisbətən zəifləməsi neft bazarında satış təzyiqini artırıb.
“Reuters”in məlumatına görə, Brent nefti əvvəlki sessiyada təxminən 3,4 faiz ucuzlaşaraq 72,72 dollar/barel səviyyəsinə düşüb. ABŞ-ın WTI markalı nefti də 70 dollar/bareldən aşağı ticarət olunub.
Analitiklər hesab edirlər ki, bazarda əsas diqqət hazırda Hörmüz boğazından keçən enerji daşımalarının təhlükəsizliyi, ABŞ-İran danışıqları və qlobal tələbat proqnozlarına yönəlib.