Messidən tarixi rekord: Argentina İordaniyaya qalib gəldi
Qrup mərhələsinin üçüncü turunda Argentina və İordaniya yığmaları arasında keçirilən oyun dünya çempionlarının qələbəsi ilə başa çatıb. Argentina millisi rəqibini 3:1 hesabı ilə məğlub edib.
Matçdan əvvəl əsas diqqətçəkən məqam Lionel Messinin oyuna ehtiyat oyunçular skamyasında başlaması olub. Bu barədə “albiseleste”nin baş məşqçisi Lionel Skaloni əvvəlcədən açıqlama vermişdi. O, eyni zamanda komandanın kapitanının fasilədən sonra meydana çıxacağını bildirmişdi.
Bu qərarın bir neçə səbəbi olduğu ehtimal edilir. Bir tərəfdən, Messi pley-off mərhələsi öncəsi bir qədər istirahət imkanı qazanıb. Digər tərəfdən, komandada ondan başqa futbolçuların da qol vurması üçün şərait yaranıb. Çünki buna qədər turnirdə argentinalıların bütün qollarının müəllifi məhz Messi idi.
Bu imkandan ən fəal yararlanmağa çalışan futbolçu Covanni Lo Çelso olub. Onun ilk qolu ofsayd səbəbindən qeydə alınmasa da, daha sonra yarımmüdafiəçi adını tabloya yazdıra bilib. 19-cu dəqiqədə Lo Çelso cərimə zərbəsindən dəqiq zərbə ilə hesabı açıb.
Bir müddət sonra Cənubi Amerika təmsilçisi penalti hüququ qazanıb. Lautaro Martines fürsəti dəyərləndirərək hesab arasındakı fərqi artırıb.
Skaloni sözünə əməl edib və Messi ikinci hissədə meydana çıxıb. Lakin bu, İordaniyanın fərqi azaltdığı epizoddan sonra baş verib. Əvəzetmədən meydana daxil olan Mussa Əl-Tamari ötürməni qola çevirərək komandasının yeganə qolunu vurub.
Matçda son sözü isə yenə argentinalılar deyib. Bir neçə gün əvvəl 39 yaşını qeyd edən komanda kapitanı Lionel Messi cərimə zərbəsindən dəqiq zərbə ilə oyunda yekun hesabı müəyyənləşdirib.
Bu qol sayəsində Messi dünya çempionatlarında bombardirlik rekordunu 19 qola çatdırıb. O, həmçinin mundiallar tarixində ardıcıl 7 oyunda qol vuran ilk futbolçu olub.
Argentina yığması qrup mərhələsini birinci pillədə başa vuraraq turnirin 1/16 finalına yüksəlib. Komanda növbəti mərhələdə Kabo-Verde millisi ilə qarşılaşacaq.