Nepalda fəlakətin miqyası böyüyür: 1396 nəfər öldü, 2,5 min insan itkindir
Nepalda baş verən dağıdıcı daşqın nəticəsində həlak olanların sayı 1396 nəfərə çatıb.
Çinin Mərkəzi Televiziyası (CCTV) Nepal hakimiyyətinə istinadən xəbər verir ki, təbii fəlakətdən sonra axtarış-xilasetmə işləri davam edir.
Avqustun 26-da Nepalda qəfil və güclü daşqın baş verib. Məlumata görə, Tibet ərazisində baş verən zəlzələ və torpaq sürüşməsi Lhende çayının məcrasını bağlayıb. Yaranmış təbii bəndin dağılması Bhote-Koşi çayında suyun səviyyəsinin kəskin yüksəlməsinə və genişmiqyaslı daşqına səbəb olub.
Son məlumatlara əsasən, təxminən 2,5 min nəfər itkin düşmüş hesab olunur. Onların əksəriyyətinin xarici ölkə vətəndaşları olduğu bildirilir. İtkin düşənlər arasında 11 Rusiya vətəndaşı da var.
Nepalın maliyyə naziri Svarnim Vaqle bildirib ki, daşqının nəticələrinin aradan qaldırılması üçün ölkəyə təxminən 4–5 milyard dollar vəsait lazım olacaq. Rəsmiyə görə, ziyanın qiymətləndirilməsi davam etdiyindən bu rəqəmlər hələlik ilkin hesablamalardır.