Yemək festivalı faciəyə çevrildi: Ölənlər və yaralananlar var - FOTO
ABŞ mediasının yaydığı məlumata görə, Vaşinqton ştatının Sietl şəhərində keçirilən “Bite of Seattle” yemək festivalında baş verən silahlı hücum nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb.
Hadisə axşam saatlarında Seattle Center ərazisində baş verib. Yaralananlar arasında 2 yaşlı uşaq da var.
Sietl Polisi hadisədən sonra vətəndaşlara ərazidən uzaq durmaq çağırışı edib. Bildirilib ki, çoxsaylı polis və təcili tibbi yardım briqadaları hadisə yerinə cəlb olunub, festival ərazisi isə tamamilə təxliyə edilib.

Sietl Yanğınsöndürmə Xidmətinin sözçüsü Qreys Nunesin sözlərinə görə, 2 nəfər hadisə yerində həyatını itirib. Xəstəxanaya çatdırılan yaralılardan 56 yaşlı qadının vəziyyəti ağırdır, 2 yaşlı uşaq və digər yaralıların isə müalicəsi davam etdirilir.
Şahidlər saat 18:00 radələrində ard-arda atəş səsləri eşitdiklərini və festivalda böyük panika yaşandığını bildiriblər.

Polis hadisənin səbəblərini araşdırır. Hücumu törədən şəxs və ya şəxslərin saxlanılıb-saxlanılmaması ilə bağlı hələlik rəsmi məlumat verilməyib.
