Fransalı qadın pakistanlı əri ilə kəndə köçdü, “qula çevrildi”
Fransa vətəndaşı pakistanlı əri ilə onun doğma ölkəsinə köçdükdən sonra “qula çevrildiyini” bildirib. Bu barədə Daily Mail məlumat yayıb.
54 yaşlı Silvi Yasmina gələcək əri ilə Avstraliyada tanış olub. Həmin vaxt kişi ölkədə qanunsuz yaşayırdı. Yasmina 2003-cü ildə onunla ailə qurub, 2014-cü ildə isə əri və beş uşağı ilə birlikdə Pakistanın ucqar Bara kəndinə köçməyə razılaşıb. Qadının sözlərinə görə, bundan sonra onun həyatı “cəhənnəmə” çevrilib.
Yasmina polisə bildirib ki, o və uşaqları günəş işığı olmayan, xarici aləmlə əlaqədən tamamilə məhrum edilmiş köhnə bir yerdə saxlanılıblar. Onun sözlərinə görə, əri bütün ailəni “hər gün çox qəddar şəkildə” döyüb.
Cütlüyün iki böyük uşağı köçdən sonra təhsilini yarımçıq qoyub, üç kiçik uşaq isə heç vaxt məktəbə getməyib.
Ailə yalnız oğullardan birinin qaçaraq baş verənlər barədə polisə məlumat verməsindən sonra xilas edilib. Hüquq-mühafizə orqanları reyd keçirərək qadını və uşaqları döyülmə izləri ilə birlikdə saxlanıldıqları evdə tapıblar.
Yasmina polisə verdiyi ərizədə həyatının məhv edildiyini, uşaqların isə heç bir qayğı görmədiyini yazıb.
İndi qadın Fransaya qayıtmağı arzulayır. Onun uşaqları ilə birlikdə Pişəvərdəki qadın sığınacağından Fransaya göndəriləcəyi bildirilir.