Fil oğlunu məktəbə aparan qadını tapdalayaraq öldürdü
Hindistanın Kerala ştatında vəhşi fil 37 yaşlı qadına hücum edib. Qadın hadisə nəticəsində həyatını itirib, onun məktəbə apardığı oğlu isə xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Bu barədə The Print məlumat yayıb.
Hadisə 8 iyun səhər saatlarında İdukki dairəsinin Çinakkanal rayonunda baş verib. Yerli sakin Mari və oğlu evdən çıxaraq əsas yola doğru hərəkət ediblər.
Güclü yağış və sıx duman səbəbindən onlar yollarını kəsən vəhşi fili vaxtında görə bilməyiblər. Heyvan onlara hücum edib.
Qadının meyiti ictimai tibb mərkəzinə aparılıb. Hadisədən sonra yerli sakinlər etiraz aksiyası keçiriblər. Onlar bölgədə fillərin tez-tez hücum etməsi probleminə görə hakimiyyətdən təcili tədbirlər tələb ediblər.
Sakinlər meşə təsərrüfatı nazirinin əraziyə gəlməsini, əhalinin qorunması üçün effektiv mexanizm yaradılmasını və həlak olan qadının ailəsinə adekvat kompensasiya ödənilməsini istəyiblər.