Namazdan əvvəl dəstəmaz alırdı: məktəblini elektrik cərəyanı öldürdü
Malayziyanın Saravak qubernatorluğunda məktəbli axşam namazından əvvəl ayaqlarını yuyarkən elektrik cərəyanı vurması nəticəsində həyatını itirib. Bu barədə Mothership nəşri yazır.
Bədbəxt hadisə mayın 6-da saat 20:00 radələrində Daro şəhərində baş verib. İstintaq zamanı məlum olub ki, 15 və 16 yaşlı iki yeniyetmə axşam namazına hazırlaşarkən xüsusi dəstəmaz otağında ayaqlarını yuyan zaman elektrik cərəyanı vurub.
15 yaşlı şagird xəstəxanaya aparılıb. Onun 16 yaşlı yoldaşını isə həkimlər xilas edə bilməyiblər. Dəstəmaz otağında daha bir 15 yaşlı məktəbli də olub, lakin o, xəsarət almayıb.
Hadisə ilə bağlı araşdırma dərhal qubernatorluq rəhbərliyinin nəzarətinə götürülüb. Dairə məclisinin deputatı İqan Əhməd Coni Zavavi ölkənin Təhsil Nazirliyini Saravakdakı bütün məktəbləri təcili yoxlamağa çağırıb.
Onun sözlərinə görə, bu məktəblərin çoxu uzun müddətdir köhnəlib və şagirdlər, eləcə də müəllimlər üçün təhlükə yaradır. Xüsusilə bəzi təhsil müəssisələrində elektrik naqillərinin 15 ildən artıqdır təmir edilmədiyi bildirilir.