Dəhşətli səhlənkarlıq: eyni şpris yüzlərlə uşağı HİV-ə yoluxdurdu
Pakistanın Pəncab əyalətində yerləşən Taunsa şəhərində dövlət xəstəxanası ilə bağlı qalmaqallı fakt üzə çıxıb — yüzlərlə uşaqda HİV aşkarlanıb.
BBC-nin araşdırmasına görə, 2024-cü ilin noyabrından 2025-ci ilin oktyabrına qədər ən azı 331 uşaqda HİV testi müsbət çıxıb. İnfeksiyanın yayılmasının THQ Taunsa Sharif xəstəxanası ilə əlaqəli olduğu ehtimal edilir.
Gizli kamera ilə aparılan müşahidə zamanı 32 saat ərzində eyni şprisin təkrar-təkrar istifadə edildiyi ən azı 10 hal qeydə alınıb. Bəzi hallarda eyni dərman flakonundan fərqli uşaqlara inyeksiya edildiyi müəyyən olunub ki, bu da virusun sürətlə yayılmasına səbəb ola bilər.
Valideynlərdən biri bildirib:
“Eyni şprisi doldurub bir uşağa vururdular, sonra yenidən doldurub başqa uşağa verirdilər.”
Mütəxəssislər xəbərdarlıq edir ki, iynə dəyişdirilsə belə, şprisin özü virusu ötürə bilər.
“Şprisin daxili hissəsi virusu daşıyır və yeni iynə taxılsa belə, infeksiya ötürülə bilər”
— deyə infeksionist Altaf Əhməd qeyd edib.
Hadisədən sonra xəstəxananın əvvəlki rəhbəri vəzifədən uzaqlaşdırılıb. Lakin yeni təyin olunan rəhbər Qasim Buzdar yayılan videonun “qurama ola biləcəyini” iddia edib.