Bakıda silsilə oğurluqlarda şübhəli saxlanıldı
Bakıda Xəzər rayonunda silsilə oğurluqlarda şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, rayon ərazisində fərdi yaşayış evlərindən və istehsalat obyektlərindən bir neçə oğurluq faktı qeydə alınıb. Naməlum şəxs 5 evə və 2 sexə daxil olaraq pul vəsaiti, məişət texnikası, elektrik alətləri və istilik avadanlıqları oğurlayıb.
Zərərçəkənlərə dəyən ümumi maddi ziyan təxminən 20 min manat təşkil edir.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinin əməkdaşları şübhəlinin şəxsiyyətini müəyyən edərək 40 yaşlı Ş. Abdullayevi saxlayıblar. İstintaqın məlumatına görə, o, oğurladığı əşyaların bir hissəsini artıq satıb.
Faktla bağlı araşdırma davam edir.