ABŞ təyyarəsi 7 saatdır Rusiya sərhədi yaxınlığında uçur
ABŞ-a məxsus kəşfiyyat təyyarəsi artıq yeddi saatdır Rusiya sərhədi yaxınlığında patrul uçuşu həyata keçirir. Bu barədə uçuş məlumatlarının təhlilinə əsasən RIA Novosti məlumat yayıb.
Bildirilir ki, Bombardier ARTEMIS II bazasında hazırlanmış kiçik hava gəmisi Qara dəniz üzərində, Krım və Krasnodar diyarı sahillərinin cənubundan uçuş edir.
Məlumata görə, kəşfiyyat təyyarəsi Rumıniyanın Konstansa şəhərindən havaya qalxıb və Gürcüstana çatmadan geri dönərək marşrutu təkrar edib. Moskva vaxtı ilə saat 15:05-ə olan məlumata əsasən, təyyarə Qara dəniz üzərində qalmaqda davam edir və artıq dördüncü dəfə Rusiya sərhədləri boyunca uçuş həyata keçirir. Eyni təyyarə mütəmadi olaraq Kalininqrad vilayəti üzərində də patrul uçuşları edir.
Ümumilikdə, Pentaqonun sifarişi ilə Bombardier Challenger 650 biznes-jet bazasında belə iki radiolokasiya kəşfiyyat təyyarəsi yaradılıb. Onlar əsasən uzaq məsafədən məlumatların ələ keçirilməsi, qeydə alınması və deşifrə edilməsi üçün nəzərdə tutulub.