“Putinin raketlərini vurun” – Britaniyanın keçmiş nazirindən səs-küylü təklif
Böyük Britaniyanın keçmiş müdafiə naziri Ben Uolles ölkəsinin Ukrayna ərazisində Rusiya raketləri və pilotsuz uçuş aparatlarını vurmalı olduğunu bildirib.
“Daily Mail”in məlumatına görə, Uolles bunu Ukraynaya hərbi dəstəyin növbəti mərhələsi kimi qiymətləndirib.
“Bu, məntiqli növbəti addımdır. Heç nə hər hansı ölkənin Ukrayna üzərində yaxınlaşan raket və ya pilotsuz uçuş aparatlarını vurmasına mane olmur”, – keçmiş nazir bildirib.
Uollesin fikrincə, belə bir addım beynəlxalq hüquqa uyğun olar və eskalasiya kimi qiymətləndirilməməlidir. O, mövqeyini həmin raket və PUA-ların Rusiya deyil, Ukrayna ərazisi üzərində olması ilə əsaslandırıb.
Qeyd edək ki, bu, Ben Uollesin şəxsi mövqeyidir və Böyük Britaniya hökumətinin belə bir qərar qəbul etdiyi anlamına gəlmir.