“Dünyanın sonu” qorxusu yenidən gündəmdə: Fərat çayı sürətlə yox olur
İraqda Fərat çayı sürətlə dayazlaşır. Bu, Bibliyanın “Vəhy kitabı”nda Armageddon başlamazdan əvvəl quruyacağı bildirilən həmin çaydır. Bu barədə Metro məlumat yayıb.
Proses artıq dünyanın sonunun yaxınlaşmasının ilk əlaməti kimi təqdim edilir. Peyk məlumatlarına görə, 2003-cü ildən bəri Fərat hövzəsi 140 kubkilometrdən çox şirin su itirib. Bu proses Qərbi Asiyanın ən böyük çaylarından birinin 2040-cı ilədək tamamilə qurumasına gətirib çıxara bilər.
Bibliyadakı peyğəmbərliyə əsasən, böyük Fərat çayı quruyanda “şərqdən gələn hökmdarlar” üçün yol açılacaq və bu, Armageddon kimi tanınan son döyüşə aparacaq.
Fəratın dayazlaşmasının əsas səbəbləri kimi tez-tez baş verən quraqlıqlar, temperaturun artması və sudan səmərəsiz istifadə göstərilir. Alimlər xüsusilə 2007-ci ildəki güclü quraqlıqdan sonra su səviyyəsində kritik eniş qeydə alıblar. Həmin quraqlığın nəticələri indiyədək tam aradan qalxmayıb.
Əgər 2026-cı ildə vəziyyət dəyişməsə, bu, hələ də su və kənd təsərrüfatı baxımından Fəratdan asılı olan milyonlarla insan üçün fəlakətə çevrilə bilər. İraqda çayın dayazlaşması səbəbindən artıq çirkli içməli su ilə bağlı xəstəliklər yayılır. Bunlar arasında suçiçəyi, qızılca, qarın yatalağı və vəba qeyd olunur. Bununla yanaşı, ölkədə kütləvi peyvəndləmə aparılmır.
Fərat çayı dini ənənədə xüsusi yer tutur. “Yaradılış kitabı”nda bu çay Eden bağından axan dörd çaydan biri kimi xatırlanır.