Trampın 10 milyardlıq iddiası üzrə danışıqlar başladı
ABŞ-ın Vergi Xidməti (IRS) və Prezident Donald Trampın vəkilləri onun vergi bəyannamələrinin sızdırılması ilə bağlı 10 milyard dollarlıq iddianın mümkün həlli üçün danışıqlara başlayıblar. Bu barədə NBC News məlumat yayıb.
Müvafiq birgə müraciət Mayami federal məhkəməsinə təqdim olunub.
Tərəflər məhkəmədən işi 90 gün müddətinə dayandırmağı xahiş ediblər ki, bu müddətdə danışıqlar aparılsın. Sənəddə qeyd olunur ki, fasilə mübahisəli məsələlərin daraldılmasına və ya uzunmüddətli məhkəmə prosesinə ehtiyac qalmadan həllinə kömək edə bilər.
Reuters bildirir ki, işin mürəkkəbliyi ondadır ki, IRS-i təmsil edən Ədliyyə Nazirliyi icra hakimiyyətinə tabedir və bu hakimiyyətə Tramp özü rəhbərlik edir. Mümkün razılaşma üzrə ödənişlərin isə dövlət vəsaiti hesabına həyata keçiriləcəyi ehtimal olunur.